Dilarə Adilgil

Ağdam deyəndə ilk növbədə Birinci Qarabağ müharibəsində verdiyi 6 minə yaxın Vətən fədaisini – şəhidini  düşünürəm. Şuşaya dayaq, Füzuliyə arxa, Xocalıya ümid olan ağ damlı şəhəri düşünürəm. Sonra da gözəl-gözəl imarətləri gəlir gözümün qabağına. «İmarətli» günləri... Bir məclisdə ortayaşlı qadın söhbət edirdi ki, Sovet vaxtı hind filmlərində milyonçuların villalarına baxıb «ah» çəkənlərə deyirdim ki, siz Ağdamın evlərini görməmisiz... Həmin evlərdən çıxan insanların illərlə yataqxanalarda ömrü çürüdü.

Gözəl Qarabağın ürəyində yerləşən Ağdam o qanlı hadisələr başlayandan «müharibənin paytaxtı» olub. Əslində, Ağdam həmişə paytaxt olub, ticarət, rifah paytaxtı. Təcavüzkarlar Ağdamı təhvil verməyə məcbur qalanda qarğış edirdilər ki, o torpaqlarda bizim gözümüz, ah-vayımız qalıb, orada sizə (yəni bizə!) xoşbəxtlik yoxdur. «Ağıldankəmliyin ilk əlaməti utanmaq hissindən məhrum olmaqdır» (Z.Freyd). Bizimcə desək, Allah adamı (burada bütöv bir qövmü! Qəzəbin şiddətinə bax!) cəzalandırmaq istəyəndə birinci ağlını alır. «Ağdam bizim vətənimizdir» şüarı «Şahpələngova»nın erməni familiyası olması məntiqi ilə eynidir. Ha fikirləşdim, «itin duası qəbul olsaydı, göydən sümük yağardı» misalını çəkməkdən savayı, ağlıma bir şey gəlmədi.

Demək nə qədər ağır olsa da, Ağdam işğaldan sonra böyük bir qəbiristanlığı xatırladırdı, uçurulub dağıdılmış evlərin qalıqları da baş daşlarını. «Nə qar yağmağa ağ damlar vardı, nə də quşlara yuva qurmağa ağaclar». Faciə, fəlakət, dəhşət, vəhşət! Düşmənin nifrəti daşda, divarda, yolda, bağda, bağatda, ağacda, yarpaqda – bir sözlə,  hər addımda və hər şeydə istəməyə-istəməyə adamın gözünə girirdi. Canlı görənlər deyir ki, hələ televizor instalyasiyanı bir az «malalayır», orta və uzaq planı gizlədir, ağaclarda tək-tük görünən xurma, armud, nar ümumi panoramı canlandırmaq istəyir.

Mənzərənin əsli isə adamı reallıqdan ayırır, həcmi – insan  və erməni müqayisəsi ətrafında dərin düşüncələrə qərq edir. İstər onlayn gör, istər oflayn, lap get peykdən bax, təəssüf ki, heç nə dəyişmir. Ağdam yoxdu! Qurmaq deyil ki, əllərindən gəlsin... Nədən yaranıblar, kimdən törəyiblər? Heyvan kimi heyvan deyillər, insan kimi insan sayılmazlar... Bizim Qarabağ saqamızın memarı Pənahəli xanın 1751-1752-ci illərdə inşa etdirdiyi Şahbulaq qalası qalıb, onu da yəqin necəsə, öz adlarına çıxmaq istəyirlərmiş. Məscid qalıb, onu da hədəf, istiqamət üçün saxlayıblar. Bu məscid son 30 ildə hansı vandallıqlara məruz qalmayıb, nələrə şahidlik etməyib? Al-qan içində gətirilən Xocalı şəhidlərini qəbul edib, şəriət qaydasındada dəfn edib, 30 il düşmənin tapdağına, istismarına, təhqirinə dözüb.

Şəhərlər tək öz tarixi abidələri, görməli yerləri, qədim məhəllələri ilə  məşhur olmur, həm də nekropolları, panteonları ilə tanınır. Camaatı şil-şikəst, lüt-üryan  qovandan, mülkləri son mıxına qədər soyandan sonra da ürəkləri soyumayıb (bizi qınayanlar, indi biz necə soyuyaq?), goreşən kimi üz veriblər qəbiristanlıqlara. Mərmər qəbirüstlərini çıxarıblar, nə mümkündü aparıblar, qalanını da ərinməyib buldozerin altına verib şumlayıblar.  Ən böyük təhqirə Ağdamın siması – Qarabağ xanlarının türbələri, Xurşidbanu Natəvanın məzarı yerləşən İmarət-Qərvənd qəbiristanlığı məruz qalıb.

Natəvanın Almaniyada yaşayan kötücəsi Lev İsmixanov-Laytman yaşadığı şəhərdə Xocalı soyqırımına həsr edilmiş sərgi təşkil etmiş, Qarabağ müharibəsində Azərbaycanın haqlı mövqeyini alman ictimaiyyətinə çatdırmaqda böyük təbliğat-təşviqat işləri görmüşdü. O, hələ 1983-cü ildə anasının İrəvanda elmi ezamiyyətdə olduğu zaman erməni həmkarının evində qarşılaşdığı hadisəni də danışır... Evin 10-12 yaşlı oğlu məni xəritənin qarşısına gətirib Qara dənizdən Xəzər dənizinə qədər olan məsafəni göstərərək «buralar böyük Ermənistan olub», – dedi. «Ermənistan bu konfliktdə küçə uşağına oxşayır. Sataşır, çətinə düşəndə isə qaçıb dünya liderlərinin arxasında gizlənir», – deyə Qarabağ xanlarının varisi söhbətinə yekun vurur. Bizə dəyən fiziki, mənəvi, maddi ziyanın ölçüsü, əvəzi yoxdur. Bunun hesabını kim verəcək? Necə olur, bir məktəbli topla vurub kiminsə şüşəsini sındıranda cəza alır, valideyni pulunu ödəyir. Bu boyda şəhərlər, kəndlər viran qalıb... Dünyada yaşayan 50 milyon azərbaycanlının bir terror təşkilatı da yoxdur. 10 milyon erməninin isə ayrı-ayrı ölkələrdə yaratdığı 13 terror partiyası dünyanın hər yerində qanlı olaylar törətməkdədir.